Pekinə getməyə hazırlıq: səfərdən əvvəl bilməli olduqlarınız

Pekinə getməyə hazırlıq: səfərdən əvvəl bilməli olduqlarınız

Bir neçə gün əvvəl Pekinə 3-cü səfərimdən qayıtdım. Bu dəfə düşündüm ki, şəhərin gəzməli yerlərindən əvvəl, ilk növbədə Pekinə getməyə hazırlaşanlar üçün praktik məlumatları paylaşım. Çünki Çin elə ölkələrdəndir ki, yola düşməzdən əvvəl bəzi detalları bilmək səfəri xeyli rahatlaşdırır.

Əgər Pekinə ilk dəfə gedirsinizsə, bu yazı sizin üçün kiçik bir hazırlıq bələdçisi olacaq.

Ölkəyə giriş və arrival card

Mənim bütün səfərlərim Beijing Capital hava limanı vasitəsilə olub. İlk iki səfərimdə “arrival card” formasını əllə doldururdum, amma artıq bunu onlayn şəkildə də etmək mümkündür. Bu isə xüsusilə miqrasiya nəzarətində vaxt itirməmək üçün çox rahatdır.

Bu sistem yalnız Pekin üçün deyil, Çinin digər şəhərləri və hava limanları üçün də keçərlidir. Ölkəyə gəlməzdən əvvəl formu bu link vasitəsilə doldura bilərsiniz:

Arrival Card formasını buradan doldurun

Passport nəzarətində adətən çox sual verilmir. Ən çox harada qalacağınız və neçə gün qalacağınız soruşula bilər.

Çinə getməzdən əvvəl yükləməli olduğunuz tətbiqlər

Çinə gedərkən telefonunuzda bəzi tətbiqlər əvvəlcədən hazır olmalıdır. Xüsusilə AliPayWeChat mütləq yüklənmiş olsun. Hava limanından çıxan kimi bunun nə qədər vacib olduğunu anlayacaqsınız.

Bu ölkədə AliPay demək olar ki, hər şeydir. Taksi çağırmaq, ödəniş etmək, alış-veriş etmək və gündəlik bir çox işi həll etmək üçün bu tətbiqdən istifadə olunur. Çində rahat hərəkət etmək istəyirsinizsə, AliPay sizin əsas köməkçiniz olacaq.

İnternet məsələsi: sim kart yox, eSIM

Çində hava limanında sim kart alaram deyə düşünməyin. Mənim təcrübəmə görə, bu, elə də rahat həll deyil. Hətta demək olar ki, tapılmır.

Ən rahat seçim eSIM istifadə etməkdir. Üstəlik, Çində gündəlik istifadə etdiyimiz bir çox tətbiq VPN-siz işləmədiyi üçün internet məsələsini öncədən həll etmək vacibdir. Mən Tripocell eSIM istifadə etdim və əlavə VPN-ə ehtiyac duymadım. Çünki bu tip xidmətlər roaming prinsipi ilə işləyir.

10 gün üçün 20 GB internet mənə artıqlaması ilə bəs etdi. Ümumiyyətlə Wi-Fi-a qoşulmadan yalnız mobil data ilə rahat istifadə etdim.

Hotel seçimi

Hotel seçərkən diqqətli olmaq lazımdır. Mənim seçimim adətən Çində Holiday Inn hotelləri olur. Bunun əsas səbəbi odur ki, burada geniş şəbəkələri var və seçim etmək daha rahat olur.

Son səfərimdə yenə Holiday Inn Beijing Downtown hotelində qaldım. Otaqları çox böyük olmasa da, yerləşməsi və səhər yeməyi mənim üçün kifayət qədər uyğun idi. Pekində hotel seçərkən məncə ən vacib mövzulardan biri yerləşmədir.

Xəritə və şəhərdə hərəkət

Pekində xəritə üçün Google Maps-ə çox güvənməyin. Çünki orada bir çox məkanı tapmaq çətin olur. Bunun əvəzinə Amap proqramından istifadə etmək daha rahatdır.

Nəqliyyata gəldikdə isə, metrodan bir neçə dəfə istifadə etmişəm və kifayət qədər rahatdır. Avtobusdan isə istifadə etməmişəm. Ümumilikdə mənə görə Pekində ən rahat seçim taksidir. Həm istifadəsi asandır, həm də qiymətləri münasibdir.

Ödəniş və pul məsələsi

Çinə gedərkən üzərinizdə çox nağd pul aparmağa ehtiyac yoxdur. Çünki demək olar ki, hər yerdə AliPay ilə ödəniş etmək mümkündür. Nağd puldan istifadə getdikcə daha az qarşıma çıxır.

Çinin pul vahidi yuan (CNY)-dır. Təxmini hesablamaq üçün sadə bir üsul var:

CNY / 4 = AZN

Yəni təxminən 4 yuan 1 manata bərabər sayılır. Bu da qiymətləri rahat hesablamağa kömək edir.

Yemək mövzusu

Çində mənim üçün ən çətin mövzulardan biri həmişə yemək olub. Maraqlısı budur ki, mən normalda yemək seçən biri deyiləm. Amma Çində bəzən damaq dadına uyğun nəsə tapmaq çətin ola bilir.

Yenə də narahat olmağa dəyməz. Seçim kifayət qədər çoxdur və sonda mütləq özünüzə uyğun nəsə tapırsınız. Sadəcə bu məsələdə bir az hazırlıqlı olmaq yaxşıdır.

Sonda

Pekinə getməzdən əvvəl bu detalları bilmək səfərinizi xeyli rahatlaşdıra bilər. Xüsusilə tətbiqlər, internet və ödəniş sistemi mö əvvəlcədən hazır olmaq çox vacibdir.

Növbəti postda isə Pekində gəzməli yerlər, təcrübələrim və şəhərin mənə hiss etdirdikləri haqqında yazacağam.

Şərh yaz

Your email address will not be published. Required fields are marked *